“Çelsi”-“Qarabağ” qarşılaşması: əlavə sözə ehtiyac varmı?

  • 12 sen 2017, 12:40

Dirijor kimi 90 dəqiqə əl-qolla danışan, bağırıb-çağıran Konte və sakit təbiətli Qurban Qurbanov....


"Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Londonun "Çelsi” klubunun qonağı olacaq. Bakı vaxtilə saat 22:45-də ürəyimiz "Qarabağ”la döyünəcək... Oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Başqa zaman olsa, yunan hakimlərin təyinatına deyinərdirm, amma rəqib "Çelsi”dirsə, hakimin nə suçu?

"Qarabağ” qrup mərhələsinə yüksələndə söz vermişdim ki, rəqiblərinə uduzarsa, məyus olmayacağam. Sözümün üstündə dururam, hətta bir-iki dostun qulağına bu gün hesabın neçə ola biləcəyini pıçıldamışam. Yəni psixoloji cəhətdən hazırlıq lazımdır ki, sonra klubun üzərinə çox düşməyək. Qurban Qurbanovun hələ bir neçə gün əvvəl verdiyi bir açıqlamadan da hiss olunurdu ki, bu məsələdə onun "beli” azarkeşlərə o qədər də bağlı deyil. Yəni demişdi ki, uduzsaq bizi təriflədikləri yaddan çıxacaq. Əslində, Qurban qardaşımız da bu cür psixoloji basqılara daha hazır olmalıdır. Azarkeşin bir sifəti olmur axı... Bu "Çelsi”nin də azarkeşlərinə aiddir, "Fənərbaxça”nın da, "Barselona”nın da... Oyun öncəsi Kontenin açıqlaması bu baxımdan diqqətəlayiqdir. "Böyük komandanın baş məşqçisi olan zaman səndən gözləntilər yüksək olur. Buna görə biz hər cür təzyiqə hazır olmalıyıq. Mənim təzyiq altında olmaqdan xoşum gəlir...” 

***

İngiltərə Primyer-Liqasınıda "Çelsi”nin "Lester”lə keçirdiyi son oyuna əvvəldən axıra baxmalı oldum. "Avro-2016"dan sonra İtaliya millisini buraxıb ”Çelsi"yə keçən Antoni Kontenin klubu ilə Qurban Qurbanovun "Qarabağ”ını birgə meydanda təsəvvür edəndə...bir az ürpəndim. Üstəlik, çılğın bir baş məşqçi olan Kontenin dirijor kimi 90 dəqiqə əl-qolla danışması, bağırıb-çağırması ilə sakit təbiətli Qurbanı üz-üzə qoyanda...

Hələ belə hallarımız olacaq, Avropada təzə olmasaq da, Çempionlar Liqası başqa bir futbol aurasıdır axı...


***

"Çelsi” rəqib meydanında oynayırdı və qalib gəldi. Bir-iki oyunla "Çelsi”kimi nəhəng kluba qiymət vermək olmaz, amma məncə, "Çelsi” indi ingilis klubundan daha çox, ispan-italiyan "pitsa”sına oxşayır. Sesk Fabreqas, Pedro Rodriges, Alvaro Moratta, Sesar Aspilikueta və David Zappakosta...Sonuncu italiyalıdır, "Lester”lə oyunda debüt etdi... "Asan yeməli” klub deyil və "Qarabağ”ın işi çox çətin olacaq. Yəni güclü klublarla və heyətlərə oynayacağımızı bilirdik, amma elə hey yazırdıq ki, "Qarabağ” ÇL qrupunda oynamaq şansını qaçırmamalıdır, stadiona axışıb özümüzü öldürürdük ki, bircə qrupa düşək... İndi düşmüşük və canımıza qorxu alıb. Ümidimiz yalnız onadır ki, "Qarabağ” döyüşəcək. Yəni uduzsa belə, kişi kimi uduzacaq...Klubun baş məşqçisi də bizim istədiyimizi deyib.


"Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim böyük arzumuz idi. Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İspaniya və İtaliyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik”. Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Frans Press” agentliyinə açıqlamasında belə deyib. O, Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinin çox güclü və təcrübəli olduğunu bildirib: "Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”.

Q.Qurbanov "Çelsi”yə qarşı görüşün çətin keçəcəyini bildirib: "”Stemford Bric"dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Ancaq orada layiqincə çıxış edəcəyimizə ümid edirik".

***

"Qarabağ”da transferlər edib və onları ilk dəfə bu gün meydanda görəcəyik. Klubun ulduz və ya ucuz futbolçu deyil, mövqeyində yaxşı oynayacaq oyunçu almaq siyasətinin yenə də uğurlu alınacağına ümid edək. Yeri gəlmişkən, Ansi Aqolinin bu gün oynamayacağı isə çox ciddi itkidir. 

***

"Qarabağ”ın rəqibləri ilə qarşılaşma öncəsi hər dəfə bir oyunçu haqda geniş məlumat verməyə çalışacağıq. "Çelsi”ilə bir qrupa düşdüyümüz məlum olanda ilk oyunda Eden Hazard haqda yazmağa qərar vermişdim, onun zədəli olduğunu bilmədən... 

Zədəsi səbəbindən uzun müddətdir "Çelsi”yə kömək edə bilməyən Eden Hazard "Lester”lə səfər matçında meydana çıxdı. Təəssüf ki, bu futbolçu yaşıl meydanlardan kənarda qaldığı üçün xeyli çəki alıb. Amma son 12 dəqiqədə oynasa da, hələ də çox təhlükəli olduğunu sübut edə bildi. Zənnimcə, "Çelsi”nin 10 nömrəsi olan Eden Hazard haqda yazmaq daha ədalətli olardı. 
Onun "Qarabağ”la oyununda meydana çıxmasını çox arzu edərdim. Konte isə deyib ki, Hazardın formasını bərpa etməsi üçün zamana ehtiyacı var. Amma ümid edək ki, bu ulduz futbolçunu da bu gün meydanda görə biləcəyik.

***


Onu "Avro-2016"da Belçika yığmasındakı oyunundan yaxşı xatırlayıram. Belçika milli komandasının yarımmüdafiəçisi ”Avro-2016"da barəsində ən çox danışılan oyunçulardan biri idi. Onun haqqında hazırladığım materialdan bəzi seçmələri bu gün təqdim etməyin yeri var... 

***

Eden Hazard 1991-ci ilin 7 yanvarında Belçikanın La-Luver şəhərində anadan olub. Onun ailəsi futbola yad deyil, əksinə, çox bağlı adamlardırlar. Müsəlman kökənli anası Katrin Belçikada futbol komandasında oynayıb. Atası Terri karyerasının əsas hissəsini Belçikanın ikinci divizionunda oynayan "Luveros” komandasında keçirib. Anası isə qadınlar üzrə birinci divizionda hücumçu mövqeyində oynayıb. Edenə üç aylıq hamilə olarkən isə komandadan ayrılıb. Atası kökənli belçikalı olsa da, anası mərakeşlidir. Bu səbəbdən də Edenin müsəlmanlığı qəbul etdiyi deyilir. 

Eden hələ 4 yaşı olarkən yerli "Royyal Stad Braunia”da top qovmağa başlayıb. Klubun məşqçisi balaca Hazard xüsusi bacarıqlarına görə "anadan futbolçu kimi doğulub” deyibmiş. Burada səkkiz il oynayan Eden "Tyubiz”ə keçir. 14 yaşı olarkən Eden Fransanın "Lill” klubunun diqqətinə düşür. Valideynləri çox düşünmədən "Lill”dən gələn təklifi qəbul edirlər və qonşu Fransaya köçürlər.

qarabag.jpg (7 KB)

Hazard iki il "Lill”in akademiyasında oynayıb və 2007-ci ildə-16 yaşında ilk dəfə əsas heyətdə meydana çıxıb. Komandada oynadığı ilk sezonda Hazard mövsümün ən yaxşı gənc futbolçusu seçilib. Bu, Fransa çempionatında ilk dəfə idi ki, ən yaxşı oyunçu mükafatını fransız olmayan biri alırdı. 2009-2010-cu il mövsümündə də Hazard iki il dalbadal yenə ən yaxşı oyunçu adına layiq görülür. 2011-ci ildə isə İtaliyanın nüfuzlu "Guerin Sportivo” jurnalının keçirdiyi rəy sorğusunda Eden "Avropanın ən yaxşı gənc futbolçusu” seçilir. 

2012-ci ilin iyununda "Lill” də 8 illik karyerasını başa vuran Hazard İngiltərənin "Çelsi” klubuna transfer olunub. 21 yaşlı Eden "Çelsi” ilə 30 milyon funt-sterlinq (bəzi mənbələrdə bu rəqəm o zaman 40 milyon göstərilir) dəyərində transfer müqaviləsi imzalayır. Belçikalı ulduz Londona gələr-gəlməz İngiltərə Primyer-liqasının Leonel Messisi olmağa hazır olduğunu deyir. 

12 avqustda "Çelsi”nin heyətində İngiltərə superkuboku matçında meydana çıxır. Amma onun debütü komanda üçün düşərli olmur, "Çelsi” "Mançestr Siti”yə uduzur. İkinci oyunda "Uiqan Atletik”lə qarşılaşmada belçikalı məhsuldar ötürmə edir və penalti qazanır. Artıq növbəti turda Eden qol hesabını da açır. "Çelsi”də keçirdiyi məhsuldar oyunlardan sonra "Daily Mail” qəzeti onu İngiltərə çempionatının məşhur legionerləri-Erik Kontana, Terri Anri və Denis Berkampla müqayisə edir.


Onun şəxsi həyatı barədə məlumat çox azdır, hay-küylü gecə həyatları barədə də eşidən olmayıb. Edenin xanımının adı Nataşadır, amma ruslarla heç bir əlaqəsi yox. Onun ailəsinin Skandinaviya ölkələrinin birindən Belçikaya köçdüyü söylənilir. Nataşanın onun həyatında ilk və hələ ki yeganə qadın olduğu deyilir. Onlar uşaqlıq illərindən tanışdılar və 14 yaşından görüşdükləri söylənilir. Nataşa Eden Fransaya köçdükdən sonra bir müddət Brüsseldə qalıb. Məktəbi bitirdikdən sonra o da Fransaya köçüb və cütlük ailə qurub.



Hazardın haqda ən çox dartışılan mövzu isə milliyyəti ilə bağlıdır. Onun müsəlman olduğu deyənlər bir faktdan daha möhkəm yapışırlar. Belə ki, o, 2013-cü ildə 17 yaşlılar arasında Avropa çempionatının Fələstin probleminə görə İsraildə keçirilməsinin əleyhinə olub. "Associated Press”in xəbərində deyilirdi ki, UEFA-ya bununla bağlı müraciəti imzalayan 62 futbolçu sırasında Hazardın və "Arsenal”ın oyunçusu Abu Diabinin adı olub. Eden həmin xəbərlərdə türk kimi göstərilirdi. Abu Diabinin isə kotdivuarlı müsəlman olduğu söylənilirdi. Qeyd olunurdu ki, nə Fransa, nə Belçika çempionatın final mərhələsinə vəsiqə qazanmadıqları halda belə bir müraciəti imzalamaları onların müsəlman kökənləri ilə bağlıdır.

*** 

Uğurlar, "Qarabağ”...

Nazim SABİROĞLU

Oxşar xəbərlər