Bakının dərdi var, Bakı xəstədir... - “26-lar” poeması

  • 10 sen 2017, 10:18

Bakıda "26” adlı restoranın bağlanması "26 Bakı Komissarları” ilə bağlı məsələni yenidən gündəmə gətirib. Azərbaycanda "Bakı Komissarları” keçmiş SSRİ vaxtı da, indi də Səməd Vurğunun məşhur olan "26-lar” poeması ilə tanınıb. "Qafqazinfo” bu məqamda komsomolçu şairin həmin poemasını oxuculara təqdim edir:

Bakının dərdi var, Bakı xəstədir,

Könül intizarda, göz yol üstədir...

Soyuq divarlarda güllə nişanı.

Didir, parçalayır, insan insanı.

Burda döngələrin yeri darısqal.

Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq,

Dincəlmək istəyir o da azacıq.

Şahların qızdığı qorxunc bir zaman,

Atıb külfətini gəlmiş İrandan;

Bir çörək puludur onun arzusu.

Bulanmış hambalın gözlərində su,

Alnının qatları qırış-qırışdır.

Onun gözlərində bahar da qışdır...

Bükülümüş belinin donqarı vardır,

Onun barmaqları qabar-qabardır;

Görünür ovcunda kəndin izləri

Çırıq şalvarından çıxmış dizləri.

Başında bir kirli, bir əski təsək,

Dünaydan qazancı bir budur desək,

Tarix utanmazmı yaratdığından,

Dönüb keçmişinə baxmazmı İran?

Hələlik bir yanda qalsın bu sual...

Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq,

Dincəlmək istəyir o da azacıq.

Arabir silərək alın tərini, 

Açır həaytının qəm dəftərini...

Gəlir xəyalının önünə bəzən

Ətəkdən, divardan yapışıb gəzən

Günahsız bir körpə...

Düşkün bir qarı

Gözləyir uzanan dilsiz yolları...

Həyat çoxlarına bir intizardır,

Həyatın nə yaman günləri vardır.

Əlində körpəni oynadır qarı,

Göstərir uzanan dilsiz yolları;

"Ağlama, can bala, qayıdar atan,

Rəhm edər bizə də bizi yaradan.

Bizim də bolluca ağcamız olar,

Qapımız, bağımız, bağçamız olar;

Güllü don tikərəm alıb geyərsən,

Sən də şirin-şirin qoğal yeyərsən”

Oturmuş palanın üstündə hambal,

Baldan şirin gəlir ona bu xəyal...

Alır qəlyanını gülümsəyərək,

Yoxulluq içində böyük bir ürək

Döyünür, döyünür...

Bu dəmdə birdən

Yazıq bir top kimi qalxıb yerindən,

Qıvrıla-qıvrıla dəyir daşlara;

Çaxnaşır aralıq, qarışıq ara...

Nə olmuş? Nə imiş hambalın suçu?

Burdan təsadüfən keçən bir qoçu

Sınamaq istəmiş öz nağanını,

Yurdsuz bir insanın tökmüş qanını...

Əlində körpəni oynadır qarı.

Göstərir uzanan dilsiz yolları...

 

Bakının dərdi var, Bakı xəstədir,

Könül intizarda, göz yol göstərir...

Sükut içindədir gəlib gedənlər,

Günəşin altında yanır mədənlər,

Küləklər titrədir dik buruqları;

Burda işçilərin rəngi sap-sarı;

Gözlərdə acıq var, baxışlarda kin,

Doyurmaz insanı nə qanun, nə din;

Batıb uşaqların aclıqdan ordu.

Bir tərəf üsyandır, bir tərəf ordu.

Göyə çəkilmişdir bu yerdə çörək...

 

Qara çarşafları örtür qadınlar,

İmamın qəbrinə yığışır onlar,

Köməyə çağırır görünməzləri...

Günlər addımlayır gedir irəli...

Yolun kənarında aclar, əlillər,

Tiyanlar altında kiçik səfillər,

Onların üstümnə yağır tozanaq.

Duzlu balıqlarla dolmuş qazalaq,

Şəhər kənarında tozlanır yenə,

Soxulmuş gecənin dərinliyinə.

Göylərin altında aclıq çəkir yer

Odur, lovğa-lovğa keçen bir eser

Deyir yoldaşına: Gözlərin aydın!

Ömrümüz keçəcək gün kimi aydın;

Xəzərdən keçərək gəlir ingilis,

Onun sayəsində dolanırıq biz:

Bizim ümidimiz bunadır ancaq”.

Səsinə səs verir onun bir daşnaq:

"özüü tez yetir, aman, ingilis!

Gəldiyin yollara qurban olaq biz!

İnqilab oldusa, çəkilsin geri

Qaranlıq evlərdir işçinin yeri.

Bizimdir bu buruq, bu dolu mədən, 

Bizə səadətdir, onlara kəfən!”

İndi xəbər verim oxucuma mən

O "millət rəhbəri” Rəsulzadədən;

Toplamış məscidə müsəlmanları,

Yağlı vədələrə tutmuş onları;

Deyir: "Türkiyəni çağıraq gərək,

Bizə kömək olsun,  qılınc çəkərək,

Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şəfəqi-millət!..”

- Şarlatan

- Afərin

- Rəhbərə bir bax!..

- Vətəni yadlara bunlar satacaq!..

- Bir dayan!

- Nə dedin?

- O bir xaindir,

Sözünün pərdəsi millətdir, dindir...

Məscidi doldurur haray, qışqırıq,

Qarğış, hədələmə, söyüş, fışqırıq.

Mədənlər övladı cəsur bir insan

Yerindən sıçrayıb, danışır alan:

- "Ay rəhbər!” bəri vax! Çox 

                                           Lovğalanma

Çoşub, dəniz kimi heç dalğalanma!

Burnunu görürük bu pərdələrdən;

Ağzın köpüklənir danışanda sən. 

Süzüb gözlərini, qaşını çatma,

Ölkəni aldadıb, yadlara satma!

Yetər danışdığın millət adından,

Millət yuvasında ölür acından!

Bu yurdu talayan, dağıdan da siz,

Bugün- sabahlıqdır səadətiniz!”

Qoçular bürüyür bizim yoldaşı,

Kəsirlər xəncərlə düşünən başı,

Qoyulur köhnə bir divar üstünə...

Hörmət o yoldaşa, nifrət o günə!

Boğulmuş nə qədər haqq danışanlar. 

Yenə izdiham var küçələrdə bax,

Ürəklər coşaraq, qanlar coşaraq,

Yenə dalğalanır qızıl bayraqlar;

Hər duyan könüldə bir iztirab var. 

Mədənlər boş qalan bir məzarıstan...

Burda ac qarnına yaşarmı insan?

Hər duyan ürəkdə min bir arzu var

Dolaşır əllərdə kiçik varaqlar,

Fəhlələr, bu yurdun mərd oğulları

...Dikib gözlərini kağıza sarı,

Deyir bir ağızdan : "Ar olsun bizə!”

Başmı əyəcəkdir bir ingilisə

Bu şanlı məmləkət! – Inqilab yurdu,

Günəşin bağrından qopar bir ordu?

Xeyr! Bayraqları tutun yuxarı!

Çoşsun ürəklərin zəfər rüzgarı!

Bombalar yağsa da bizə dörd yandan,

Namərddir çəkilən ölümdən, qandan!

Alın silahları, alın yoldaşlar!

Tutulsun atəşə o kinli başlar”.

Dəstə addımlayır, gedir irəli,

Sahilə səs salır bu nəğmələri:

Aclığa göstərək tab,

Tox zamanlar gələcək;

Bizimkidir inqilab,

Bizimkidir gələcək!

 

Zirzəmidən qalxaraq.

Qaranlıqdan uzaqlaş.

Bu məmləkət, bu torpaq

Səndən gedər, a yoldaş!

 

Qoy boğsun ingilisi

Xəzərin dalğaları!

Yaşadacqdır bizi

Bu qardaşlıq ilqarı...

 

Uzanmış Xəzərə gecənin əli,

Sahil qaranlıqdır, dalğalar qara;

Gecəyə bir acı xəbər gələli,

Gecə boğazından çəkilmiş dara...

Sahil qaranlıqdır, dalğalar qara.

 

Artıq görünməyir göylərdə ulduz,

Qalın buludlara soxulmuşdu ay.

Gecə biyabanda qalan bir yalqız,

Tökülmüş üstünə buludlar lay-lay;

Qalın buludlara soxulmuşdu ay...

 

Bu qərib mənzərə nə qədər acı!...

Könüllər qırıqdır baxışlar qəmli...

Küləklər coşaraq. Döyür yamacı,

Bayıl can üstədir, Bayıl vərəmli,

 

Könüllər qırıqdır baxışlar qəmli...

 

Dustaqlar boylanır dustaqxanadan,

Əlvida söyləyir qaranlıqlara...

Ağır fikirlərə dalmış Şaumyan,

Xəyalı göyləri hey yara-yara,

Əlvida söyləyir qaranlıqlara...

 

Onsuz üzündəki fırtınaya bax!

Böyük bir həsrətlə boğulmuş rəngi;

Onmun baxışları alovlanaraq,

Əngin üfüqlərə dikilmiş gözü;

Yad edir Leninin teleqramını;

O dahi rəhbərin hər qızıl sözü

Yandırır qəlbinin sönməz şamını:

"Hələ siz gənc ikən inandım sizə,

Sizin polad kimi iradənizə.

Fəqət qarışıqdır bugünki həyat,

Cəsarət, ustalıq, bir də ehtiyat!

Siz ey cəbhələrdə sınanmış əsgər!

Bizimdir gələcək, bizimdir zəfər!”

"Haydı xına qoyun əllərinizə, 

Artıq gülümsəyir baxtımız bizə;

Gümüş qədəhləri qaldırın görək,

Bu məclis şənlənib qızışsın gərək!

Meydan bizimkidir, yaxın oturun,

Mehriban danışın, mehriban durun;

Səmti dəyişmişdir əsən rüzgarın, 

Sabah matəmidir komissarların.

Onlar bir fənd ilə keçmişdir ələ,

Qafqazın qartalı Şaumyan belə...

Torpağın üst qatı, dənizin dibi

Böyük Britaniyaya Hindistan kimi

Xəraclar verəcək bu gündən, əvət,

Gülür taleyimiz, gülür təbiət.

Bizim son ağası Azərbaycanın,

Bizimdir gələcək, artıq, inanın!”-

Dedikcə general, coşur alqışlar,

Gülür "səadətlə” kinli baxışlar.

Dinlə, ey qum çölü; dayan ey külək!

Qurtuluş istəyir döyünən ürək...

Gecənin qoynunda tıraq-tıraq-tar,

Ağcaqum çölündə uzanır qatar...

Qatar bir quş kimi havanı yarır,

Qatar xəyal kimi heçliyə varır.

Yolda nə gələn var, nə də bir gedən,

Dustaqlar boylanır pəncərələrdən...

Gecə aydınlıqdır, gecə dümağdır,

Qatar bu gecənin köksündə dağdır.

Dinlə, ey qum çölü, dayan, ey külək!

Odur, biyabanda dayanır qatar,

Türkmən paltarına girmiş saldatlar.

Bu sonsuz çöllərdə qum təpələri...

Bu qum dənizinin boz ləpələri

Xəyalı küsdürür bu kainatdan,

Bu aydın gecədən, yerdən, həyatdan.

Gecənin qoynunda nə həsrətlər var,

Açılır güllələr şaraqhaşaraq...

Üzündə fırtına, sinəsində qan

Deyir son sözünü yoldaş Şaumyan:

"Siz ey Avropanın cahangirləri!

Tarixin məhvəri dönəndən bəri

Quldur paltarına büründünüz siz,

Budur, ölümünüz, acizliyiniz!

Bu qırğın, bu hücum, bu ölüm, bu qan,

Tutub əsrlərin daş yaxasından

Cavab istəyəcək! 

O zaman həyat,

Əllərdə yüksələn qızıl plakat

İntiqam! Deyərək tapacaq sizi.

Tarix dinləyəcək məhkəmənizi!

Bu ucsuz dənizlər, ucsuz ölkələr,

Yerdən baş qaldıran müstəmləkələr

Nifrətlər deyəcək hər zaman sizə,

Tarix tüpürəcək pis üzünüzə!”

"Əlvida, ey vətən, ey əziz Bakı!

Bu qum çölündəki, biyabandakı

Sənə qurban gedən 26-lar

Döyüşlər günündən qalır yadigar” –

Deyir Məşədi bəy, alnında vüqar,

Onun ipək kimi təbiəti var.

Odur, qəhrəmanım yerə yıxılmış,

Üzündə titrəyir boranlı bir qış.

Çatılmış qaşları buludlar kimi,

Ağarmış bənizi dümağ qar kimi...

Ah! Onun görkəmi nə tarımardır!

Köksünün altında üç yara vardır.

Ləkəsiz bir vicdan, böyük bir ürək

Buludlar ardında sönür günəş tək...

 

Səhərdir, günəşin rəngi sapsarı,

Sarılıq culğamış ağ buludları, 

Elə bil kainat birdən qocalmış...

Ağcaqum çölündə yuxuya dalmış

Bizim qəhrəmanlar, bizim yoldaşlar,

O duyan könüllər, düşünən başlar.

Bu matəm nə deyir Azərbaycana?

Nə deyir oğlunu sevən bir ana?

Cavab de sorğuma, Ağcaqum çölü!

Nədir qoynundakı qızıl qan gölü?

Aymı parçalandı? Günəşmi söndü?

Yoxsa alovlanıb, küləmi döndü

Döyünən bir könül, düşünən bir baş?

Neçin dalğın keçir o fəhlə yoldaş?

 Ona tez yetişdi bu qara xəbər,

Yenə silahlandı çalışan əllər!...

 

Siz, ey kommunanın mərd qurbanları!

Tarixin qocaman qəhrəmanları!

Dünya dedikləri-döyüş meydanı,

Dənizlər qədərdir insanın qanı...

O qumlu çöllərdə, biyabanda siz

Öldünüz qanunsuz və məhkəməsiz...

Dünyanın təkəri gerimi döndü?

Yoxsa üfüqlərdə günəşmi söndü?

Yox, yox, tarix boyu siz parladınız,

Qalın kitablarda durur adınız.

Yaşadır ayılmış bu insanlığı,

Biz sizdən öyrəndik qəhrəmanlığı!..

Sizi unutmadı bu torpaq, bu yer,

Oxuyan komsomol, yazan pioner.

Alqışlar göndərir iradənizə!

Şair də baxaraq abidənizə,

Çatır qaşlarını, xəyala dalır,

Siz gəncləşirsiniz, tarix qocalır.

Oxşar xəbərlər