Gəncə Narkoloji Dispanserdə 5 manata arayış satılır

  • 14 avq 2017, 15:34

     Bir müddət öncə internetdə yayımlanan və Gəncə Regional Narkoloji Dispanserdə lentə alınmış video insanları güldürməyi başardı. Videodan məlum olur ki, dispanserin yaşlı bir tibb bacısı arayışları 5 manata satır. Özü də baş həkim işdə olmadan. Yəni əvvəlcədən baş həkim Sahil İsmayılovun möhürlədiyi arayışlara sadəcə ad və soyad əlavə edən qadın dəqiqləşdirmə belə aparmadan kimə gəldi arayış satır, beləcə pul toplayır. Lakin arayış alan şəxslərdən biri tənbəllik eləməyib bu "kiçicik rüşvət əməliyyatı”nı telefonla çəkib. Sonra da "naməlum məqsədlə" videofaktı yükləyiblər "YOUTUBE" kanalına. Ancaq, aradan xeyli vaxt ötsə də, həmin çəkilişə nədənsə hüquqi qiymət verilməyib, heç bir tədbir görülməyib. 

    

Təəssüf ki, bir çoxlarımız bu kimi hallarla hər gün rastlaşırıq. Digər sahələrdə olduğu kimi bu gün istənilən tibb ocağından arayış almaq üçün mütləq əlimizi cibimizə salmalı oluruq. İstəsək də, istəməsək də ağxalatlılara pul vermək zərurəti duyuruq. Bu adət halını almış hərəkəti durdurmaq isə təkcə bizdən asılı deyil. Çünki bəzən pulu qarşı tərəf tələb edir və sən pulu verdin, olursan "tərtəmiz” adam, vermədinsə sənə çəpəki baxacaqlar. Yəqin ki, məsələ aydındır. 

Dəyərli oxucu! Soruşacaqsınız ki, bəs həmən bu videoda təəccüblü və qeyri-adi nə var axı?!. Bəlkə də heç nə! Kimsə pulunu verib, arayışını da alıb. Bu hal bizim ölkəmizdə onsuz da adi haldır. 

      Yəqin ki, bunu dəyərlərini bəyəndiyimiz Avropa ölkələrində desək, bizi anormal insan hesab edərlər, üstəlik lazımi yerlərə də siqnal verməyi borc bilərlər. Bizdə isə olmaz. Biz demokratik cəmiyyətdə yaşayırıq, elə bir cəmiyyətdə ki, istəsələr, səni bu dispanserə "basıb” narkoman da edərlər... Amma istəsələr, səni bu dispanserdən "tərtəmiz” də çıxara bilərlər.

Biz azad ölkədə yaşayırıq. İstəsək, arayış alarkən 5 manat yox, lap elə 50 manat da rüşvət verərik.

     Bu, bəlkə də bir humanizm aktıdır!

  Qoy Avropa bizə heç nə öyrətməsin! Ordakı bir çox dövlətlərdə narkotiklər açıq şəkildə apteklərdə satılır. Onlar vətəndaşlarını narkomanlığa sövq edir, bizdə isə narkomanları dövlət hesabına müalicə edirik. Humanizm bizdə daha güclüdür! Bir özünüz baxın, baş həkimin bu pulu alan xalaya yazığı gəlir, ona 5 manatı almağa imkan verir. Xalanın da narkoman olanlara və olmayanlara yazığı gəlir, 5 manat alıb hamıya sağlam olduqları haqda arayış verir. Narkomanın, (elə sağlam adamın da) bu xalaya yazığı gəlir, hələ sevinir ki, ona cəmi 5 manat verməklə can qurtara bilir. Axı onun da ailəsi, baş həkimi, Gəncə şəhər Səhiyyə İdarəsinin başçısı, hətta Səhiyyə Naziri də var. Onların da balaları var. Beləcə, yığılan manatlar milyonlara çevrilə bilir...

Görürsünüz, Avropada insanlıq aktı bizdəkinə çata bilməz. Dünyanın hansı ölkəsində baş həkim iş gününün böyük hissəsini çayxanada domino vurmaqla keçirir. Bu, yalnız bizim ölkədə ola bilər. Bu hal yalnız Gəncə Narkoloji Dispanserinə xasdır və baş həkim Sahil İsmayılov da iş otağında əyləşmək əvəzinə, çayçılarda saatlarla domino vurur.

    Ona görə də  Avropanı gözümüzə soxmasınlar!

     Bizdə demokratiya daha güclüdür. Həmin ölkələrdə rüşvət alanı çəkib Youtuba verən şəxsi məhkəməyə verməklə hədələyə bilməzsən. Məyər belə halda demokratiyadan danışmağa dəyərmi?

     Bizim ölkəmizdə isə o insanı məhkəməyə də verərlər, üstəlik, cibindən narkotiklə birlikdə qumbara da çıxararlar.

     Biz narkomaniyaya qarşı mübarizə aparmaqda birinciyik!

      Bizim üsullar hələ Avropaya lazım olacaq. Onlar bizdən nəsə öyrənmək üçün hələ gəlib qapımızda da yalvaracaqlar. Bizsə deyəcəyik - Dur o qapının arxasında, həmin o xalaya 5 manat ver, sağlamlıq arayışını al, sonra...lazım olsa baş həkimi gör!

      Maraqlıdır, görəsən, bu kiçik rüşvət aktına görə hüquq-mühafizə orqanlarının bu sahəyə nəzarət edəcək işçilərinin də o xalaya yazığı gəldimi? Gəlib, niyə də gəlməsin ki, axı,...Gəlməsəydi çoxdan işsizlərin cərgəsinə yuvarlanmışdı. Biz özümüz də, xalanın əlehinə deyilik, biz korrupsiyanın əlehinəyik. 

        Biz, axı, demokratik ölkədə yaşayırıq! Biz, axı, humanist xalqıq!

        Humanizmdə Avropa xalqları heç vaxt bizə çata bilməz! Gopa basmayın, bizi yoldan sapdırmayın, qoyun işimizi görək, narkomaniyaya qarşı baş həkim Sahil İsmayılov kimi mübarizə aparaq!

         Bu xaladan nə istəyirik axı? Deyiblər otur qapının ağzında, 5 manat al, o da alırdı. Pis çıxmasın, təhqir olmasın, şantaja da oxşamasın, amma bu xala indi də oturub orda elə həmin işi ilə məşğuldu. Yəni, arayışlarında narkomaniyanın kökünü kəsməklə millətə və dövlətə xidmət göstərməkdədir. Həmin vaxt dispanserin baş həkimindən bu hadisə ilə bağlı açıqlama istəyəndə neçə gün qapıda gözlədik. Görüş söz verib qaçan baş həkim sanki qeyb oldu, göyə çəkildi, səmada xəyalların qanadında uçdu, hər nə oldusa, tapılmadı ki, tapılmadı. Çünki, baş həkim adəti üzrə dispanserin yaxınlığındakı çayxanada domino "çırpmaqla"gününü keçirirdi. Nə oldu, nə olmadı, heç kim heç nə başa düşmədi. Narkomaniya və rüşvətxorluq əleyhinə ümumxalq mübarizəsi elə beşiyindəcə boğuldu. Demokratiya, bax, buna deyərlər! Yoxsa, Avropanı gözümüzə soxursuz, yad elementləri bizə sırıyırsız!...

     Son olaraq onu da bildirim ki, həmin dövrdə Gəncənin demək olar ki, bütün təşkilatlarının, idarə və müəssisələrinin mətbuat xidmətinin rəisi olduğunu iddia edən, Gəncənin və Gəncəyə soxulmuş bütün "cındır müxbirlərin” qənimi, 1200 kitabın, bir o qədər də sənədli filmlərin müəllifi, makler, aradüzəldən, tənqidi məqalələr yazılan həkim və məmurlardan rüşvət alıb yarısını "yazanlar”a verməklə çörək pulunu çıxaran, bununla belə, hamıya yalan məlumatlar verməklə məşhur olan Səftər Əmioğludan aldığımız məlumata görə, həmin xala dispanserdə keçirilən iclasda bərk danlanılmış, ona daha 5 manat almamaq tövsiyyə olunmuşdur... Növbəti məbləğin açıqlaması hələ ki, sirr olaraq qalır!

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Qarşı tərəfin də söz haqqını tanıdığımızı bəyan edirik.

"Demokratik.Az" 

Oxşar xəbərlər