Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs
statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı
nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu qərar
ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin
– ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək,
şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq.
"İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur
ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Yeni
mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın
artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə
sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun
formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət
edir.
Ali təhsil müəssisəsinin publik hüquqi şəxs
statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili
maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil
xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq.
Bu da ali təhsil müəssisəsinin maddi-texniki
bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin
iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq
səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə
çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır.
Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin
əsas şərtlərindəndir”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycan Dillər Universiteti, Bakı
Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs
statusu verilib.
Demokratik.Az