“Eynulla Fətullayevin arxasında dayananlar buna görə cavab verməlidirlər” – şərhlər

  • 30 may 2017, 10:55

İki il əvvəl ailəsi ilə birlikdə Azərbaycana sığınan, daha sonra isə Ukraynaya göndərilən Vahan Martirosyan erməni xalqından üzr istəyərək, xalq diplomatiyasının faydasız olduğunu bəyan edib.

Demokratik.Az xatırladır ki, bu barədə məlumat vaxtilə Martirosyanın da qoşulduğu "Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsas dəstəkçilərindən olan Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az (virtualaz.org) saytında yayılıb.

 

Martirosyanın heç də təəccüb doğurmayan və gözlənilməz sayılmayan bu hərəkəti Azərbaycan cəmiyyətində ermənilərlə sülhün zəruriliyi fikrini təlqin edənləri çıxılmaz vəziyyətə salıb. Bununla belə, "Ermənistan-Azərbaycan Sülh Platforması”nın bəzi iştirakçıları – Vahe Avetyan və digərləri – Martirosyanın məlum davranışını Ermənistan xüsusi xidmət orqanlarının təxribatı kimi qiymətləndirsələr də bu, məsələnin mahiyyətini dəyişmir.

 

Maraqlıdır ki, "Martirosyan olayı”na media və sosial şəbəkələrdə verilən kəskin reaksiyalar "Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsas ilhamvericilərindən biri olan Eynulla Fətullayevi də bu barədə danışmağa sövq edib. Fətullayev özünün "Facebook” səhifəsində paylaşdığı, lakin az sonra silməyi lazım bildiyi statusda bunları qeyd edib:

"Bu Azərbaycana qaçmış Vaan Martirosyanın yenidən ermənilər tərəfə keçməsilə bağlı burda bəzi fikirlər səsləndirirlər. Ən əsası – bu ermənidən informasiya müharibəsində maksimal dərəcədə istifadə etdik. Artıq o, bizə lazım deyil. Yenilərdən istifadə edib, sonra zibil vedrəsinə atacayıq. Heç zaman unutmamışıq ki, qarşısımızda ermənidir – deməli, düşməndir”.

Göründüyü kimi, ermənilərlə münasibətlərin normallaşdırılmasına davamlı çağırışlar edən Fətullayevin bu "izahat”ı özünətəskinlikdən başqa bir şey deyil. Ümumiyyətlə, Fətullayevin vurğulanan fikirlərindən sonra hansısa erməninin o Platformaya qoşulacağı inandırıcı deyil. Erməni də olsa, kim razılaşar ki, bir müddət sonra da haqqında "istifadə etdik, daha bizə lazım deyil” – deyə, danışsınlar..?

Mövzu ilə bağlı Yenicag.Az-a danışan Azəri-Türk Qadinlar birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirib ki, "Ermənistan-Azərbaycan Sülh Platforması” təşəbbüsü ortaya atılanda bu məsələyə əks münasibətini ən kəskin formada ifadə edib. Rüstəmxanlının fikrincə, "ermənilərlə dostluq” ideyasını Azərbaycan cəmiyyətinə sırıyanların arxasında dayananlar bu antimilli fəaliyyətə görə cavab verməlidirlər:

"Həmin Platforma yaradılıb, təbliğ olunanda bu barədə öz fikrimizi qəti şəkildə bəyan etmişik. Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər ermənilərlə hər hansı münasibət qurulmasının əleyhinəyik və bu mövqeyimizdə qətiyik. Hər halda, Martirosyan bu addımı atmaqla, "Ermənistan-Azərbaycan Sülh Platforması”nın da puçluğunu göstərdi.`

O baxımdan, Martirosyanın bu addımı məni əsla təəccübləndirmədi. Erməni xisləti deyilən bir şey var və heç bir erməni o xislətdən çıxa bilməz. Hər hansı bir erməni bu gün Sərkisyan rejiminin lehinə və ya əleyhinə ola bilər. Lakin heç bir erməni qondarma "soyqırımı” və Qarabağ məsələsində fərqli düşünmür. Ona görə də, ermənilərlə dostluğa yönələn çağırışları qəbul etmirik.

Xatırlayırsızsa, o qondarma Platforma məsələsi ortaya gələndə biz fikrimizi bildirdik. Lakin Platformanın ideya müəlliflərindən olan Eynulla Fətullayev öz saytlarında o təşəbbüsə qarşı çıxan dəyərli ziyalılarımızı davamlı şəkildə təhqir etdirdi. O adam özünü "dövlət reketi”nin "vuran əli” sayır. Belə bir fikir təlqin olunur ki, Fətullayev kimi "vurursa”, bu, dövlətin istəyi və iradəsidir. Yəni belə bir görüntü yaradıblar.

Mən başa düşmürəm, Fətullayevi himayə edənlər ona hansı məntiqlə belə meydan verib, milli maraqlarımıza qarşı çıxış etdirirlər? Buna son qoyulmalıdır. Eynulla Fətullayevin arxasında dayananlar, ona hərtərəfli şərait yaradanlar buna görə cavab verməlidirlər”.

Məsələ barəsində Yenicag.Az-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da Martirosyanın məlum davranışını "Ermənistan-Azərbaycan Sülh Platforması”nın iflası hesab edir:

"Bu ideya irəli sürüləndə etirazımızı ardıcıl şəkildə bildirmişik. Ermənilərin Azərbaycana gətirilməsinin hər zaman əleyhinə çıxmışıq. Bakıda onların iştirakı ilə baş tutan tədbirlərin təşkil olunduğu məkanların qarşısında etiraz aksiyaları keçirtmişik. Bu fəaliyyətimizə görə dəfələrlə hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqləri ilə üzləşmişik, həbs edilənlərimiz də olub. Konkret olaraq, Martirosyanın o addımından danışsaq, bu, "Azərbaycan-Ermənistan Sülh Platforması”nın iflasıdır. Ermənilər növbəti dəfə göstərdilər ki, onlara inanmaq olmaz. Bunu erməniləri Bakıya gətirib, onları bizə "dost” etməyə çalışanlar da nəhayət ki, başa düşməlidirlər.

Ümumiyyətlə, ermənilərlə dostluğu təbliğ edən istənilən fəaliyyətin qarşısı alınmalıdır, o işlə məşğul olanlarla bağlı ölçü götürülməlidir. Biz artıq bununla əlaqədar prezident İlham Əliyevə müraciət etmişik. İnanırıq ki, həmin müraciətdə əks etdirdiyimiz məqamlara diqqətlə yanaşılacaq”.

Qarabağ qazisi və tanınmış jurnalist Rey Kərimoğlu isə Yenicag.Az-a açıqlamasında bəhs olunan məsələyə münasibətini çox qısa formada ifadə edib:

 

"Ermənistanın davranışlarına görə, ümumiyyətlə, bu tipli layihələrin əleyhinəyəm. Bunlar Qarabağın azadlığı üçün heç bir fayda verməyəcək”.

Oxşar xəbərlər