Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalandı

  • 15 may 2017, 14:02

Bu gün Pekində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Çin Milli Neft Korporasiyası (CNPC) və "Technip” şirkətləri arasında Bakı şəhərinin Qaradağ rayonunda qaz emalı və polimer istehsalı zavodunun inşasını nəzərdə tutan "SOCAR GPC” layihəsinə dair "Qaz Emalı Zavodu və Polietilen Neft-Kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə xidmət müqaviləsi imzalanıb.

Virtualaz.org SOCAR-ın saytına istinadən bildirir ki, imzalanma dünən işə başlayan "Bir kəmər - bir yol” beynəlxalq forumu çərçivəsində baş tutub.

Xatırladaq ki, forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Tədbirdə 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Azərbaycan nümayəndə heyətində iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və başqa rəsmi şəxslər təmsil olunurlar.

Bu müqavilə "SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və "Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. Müqavilənin imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və CNPC-nin sədri Vanq Yilin iştirak ediblər.

HQC və "Technip Italy” şirkətləri bu gündən etibarən bu müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaq.

Oxşar xəbərlər