Şahbaz ad gününü Şuşada qeyd edib

  • 11 may 2017, 21:08

Kəlbəcər girovu Şahbaz Quliyev ailəsinə məktub göndərib. Bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə göndərilən məktub artıq onlara çatdırılıb.

"Məktubda Şahbaz hər kəsə salam göndərib. Məktub çox qısadır. Səhhətinin normal olduğunu qeyd edib. Səhhətində problem olsa da, məktuba yaza bilmir. Çünki məktubda elə fikirləri silirlər. Biz ona məktub yazanda yalnız "salam” və "sağ ol” yaza bilirik. Bəlkə də onun vəziyyəti heç də yaxşı deyil. Qardaşıma görə çox narahatıq. Anamız hələ də Şahbazın erməni girovluğunda olduğunu bilmir. Biz ona bu barədə məlumat vermirik. Çünki yaşlı qadındır, səhhətində problemləri var. O, oğlunun girovluqda olması xəbərinə dözə bilməz. İnanırıq ki, qardaşım tez bir zamanda azadlığa qovuşacaq”- İ.Quliyev deyib.

Onun sözlərinə görə, mayın 9-da 49 yaşı tamam olan Ş.Quliyev ad gününü Şuşa həbsxanasında qeyd edib.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov

Oxşar xəbərlər