Dövlətin, yoxsa Abdullayev və Heydərovun atalıq qayğısı..?

  • 10 may 2017, 21:10

Məqalə  1 il öncə yazılıb, amma bu gün də aktualdır...

 

Bu gün  ölkə mediası az qala bir-biri  ilə yarışırmış  kimi  "Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi”,  "Kəmaləddin Heydərovdan inqilab sayılacaq addım” başlıqlı xəbərlər  paylaşıb.

Məlumat üçün  qeyd edim ki, bir neçə gün əvvəl, həmin media  orqanları  "Rövnəq Abdullayev şəhid pilotların ailələrinə ev bağışladı”  başlıqlı xəbəri  həvəslə yaymışdılar. ( Düzdür, bir neçə dəqiqə  sonra  xəbər   saytlardan  təcili  yığışdırıldı)

Və ən əsası  xəbərdə xüsusi olaraq qeyd olunurdu ki,  " Bu addım SOCAR prezidentinin öz təşəbbüsüdür  və şəxsi büdcəsi hesabına verilib”.

Yəqin ki, belə davam etsə, növbəti günlərdə oxuyacağıq ki, "Ziya Məmmədov  ayağını itirən əsgərə öz cibindən bahalı  protez alıb  hədiyyə etdi”.

Ancaq belə davam etməməlidir.

Çünki  şəhid pilotların ailəsinə, yaralı əsgərə DÖVLƏT  özü sahib çıxmalıdır, hansısa məmur, nazir yox.

Bilirəm, mənim fikirlərimə ağız  büzüb "Əşi, bəy verən atın dişinə baxmazlar”  deyənlər də olacaq. Olsun.

Birincisi, "Bəyin verdiyi  at.."   onun özünün-dədəsinin-babasının malıdır.

İkincisi və ən əsası  DÖVLƏT-i  ikinci, arxa  plana keçirməkdə məqsəd  nədir..?  Əsas problem  budur.

Axı, bu yanaşma ilə dövlət qurmaq mümkün deyil.

Sözün düzü, mənim nə Kəmaləddin Heydərov, nə də Rövnəq Abdullayevin personası ilə işim yoxdur. Amma ortada  dövlət məsələsi var.

Axı, hörmətli Kəmaləddin Heydərov da, Rövnəq Abdullayev də  dövlət məmurlarıdır, biznesmen, iş adamı, sahibkar, xeyriyyəçi  deyillər. Bunların necə şəxsi büdcəsi ola bilər..?

Əlbəttə, torpaqlarımız uğrunda döyüşən əsgərə də, həlak olan pilotların ailələrinə də qayğı göstərmək müqəddəs işdir. Ancaq dövlətin adından. Şəhid ailəsi niyə hansısa məmurun qarşısında gözükölgəli olmalı, özünü ona borclu hesab etməlidir..?

Ən yaxşı halda  hər iki məmur  başçılıq etdikləri qurumun adından hökumətə müraciət edib, razılıq aldıqdan sonra ( ! ) ehtiyat fond-filan  hesabına bu addımı ata bilərlər. Yoxsa şəxsi təşəbbüsü  ilə öz büdcəsindən kiməsə ev bağışlamaq  dövlətçilik təfəkkürünə, dövlət maraqlarına uyğun gəlmir.

Həm də bu "hədiyyə”ləri  bu dərəcədə  reklam etmək  heç bir əndazəyə  sığmır.

Bəlkə də bu reklamdan heç cənab Heydərovun və Abdullayevin xəbəri yoxdur, sadəcə onlara "xidmət”  göstərmək istəyənlər  canfəşanlıq edir.

Amma unutmamalıyıq ki, hər iki məmurun əlində kifayət qədər  media orqanları var. Və hər ay həmin media orqanlarına  böyük məbləğdə pullar ayrılır.

Doğrudanmı, həmin media orqanları  öz  "xozeyin”lərinin  imicini qoruya bilmir..?

Bəs belə olan halda həmin media dövlətin imicini necə qoruyacaq..?

Yeri  gəlmişkən, "4 günlük müharibə”  həmin media  orqanlarının nəyə qadir olduğunu bir daha ortaya qoydu.
 
NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

Oxşar xəbərlər