Rusiya telekanalları Türkiyəyə qarşı - motiv

  • 28 apr 2017, 09:42

Kremlə yaxın KİV-lərdə qardaş ölkə və Ərdoğan əleyhinə təbliğat başlanıb

Son günlər Rusiya telekanallarında, xüsusən Kremlə bağlı olan telekanallarda Türkiyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə təbliğat başlandığı müşahidə edilir. Türkiyənin daxilində referendumdan sonra parçalanma yarandığı, Ərdoğanın diktaturaya meylləndiyi təbliğatı gedir, Türkiyə daxilində baş verən hansısa neqativ hadisələr bir qədər tünd rəngdə təqdim edilir.

Ötən ilin ikinci yarısından Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma başlandıqdan sonra belə təbliğat müşahidə olunmurdu. Bəs son günlər müşahidə olunmasının səbəbləri nədir? Türkiyənin Bəşər Əsəd məsələsində Rusiyadan fərqli mövqe ortaya qoyması, ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün planlaşdırılması, ABŞ-ın Bəşər Əsəd rejiminin hərbi aerodromunu bombalamasını Türkiyə hakimiyyətinin bəyanatla dəstəkləməsinin Kremlin Ankaraya münasibətinin dəyişməyə başlamasında təsiri varmı?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər öncə bildirdi ki, Türkiyəyə qarşı müşahidə olunan hücumların strateji və operativ-taktiki səbəbləri var: "Ümumiyyətlə, dünyanın heç bir aparıcı dövləti, o cümlədən nə ABŞ, nə Avropa Birliyi, nə Rusiya 600 illik böyük imperiyanın varisi olan Türkiyənin inkişafında, yüksəlişində, yenidən öz imperiya məkanında söz sahibi olmasında maraqlı deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə artıq dünyanın 10 ən böyük hərbi gücündən biridir, 18-ci iqtisadi gücüdür. 80 milyonluq gənc əhalisi ilə dinamik inkişafdadır və xarizmatik lideri var, əhalinin əksəriyyəti, xüsusən də millətçi mühafizəkar kəsim bu lider ətrafında birləşib. Bu, Rusiyanı, ABŞ-ı, Avropa Birliyinin böyük dövlətlərini, Çini, hətta Misir, İran, Səudiyyə Ərəbistanı kimi region dövlətlərini də ciddi narahat edir. Bu, strateji səbəbdir. Operativ-taktiki səbəblərə gəldikdə, bunlar regionda gedən proseslərlə bağlıdır. Xüsusən də Suriyada, İraqda gedən proseslər, Qara dəniz hövzəsi ilə bağlı məsələlər var. Türkiyə Suriya və İraqda gedən proseslərə, eyni zamanda Qara dəniz hövzəsində gedən proseslərə aktiv müdaxilə etdikcə, burada operativ-taktiki maraqları olan dövlətlərlə, o cümlədən Rusiya ilə toqquşur. İraqda, Suriyada və Qara dəniz hövzəsində Rusiya və ABŞ xüsusilə aktivlik göstərirlər. Ona görə də Türkiyənin maraqları bu iki dövlətin maraqları ilə zaman-zaman toqquşur. Türkiyənin son zamanlar həm ABŞ-la, həm də Rusiya ilə öncədən məsləhətləşmədən müstəqil olaraq ciddi addımlar atması hər iki dövləti ciddi narahat etməyə başlayıb. Burada İran da narahatdır. İran ABŞ və Rusiya ilə müqayisədə, sadəcə olaraq, bir qədər arxa planda qalıb”.

S.Əkbər qeyd etdi ki, Türkiyə prezidentinin Rusiya prezidenti ilə, sonra isə ABŞ prezidenti ilə yaxın zamanlarda gözlənilən görüşlərində kritik qərarların alınması gözlənilir: "Xüsusən bu qərarlar İraqın, Suriyanın, o cümlədən Bəşər Əsədin gələcəyi ilə bağlı olacaq. ABŞ Suriyaya hava zərbəsi vurduqdan sonra Tramp administrasiyası Əsədin taleyi ilə bağlı qəti qərara gəlib. Bu yaxınlarda Rusiya xarici işlər naziri Lavrov da açıqlama verdi ki, artıq ABŞ Əsədin getməsində qərarlıdır. Belə bir qərarlılıq Türkiyədə və onun prezidentində də var. Moskvanın Türkiyəyə qarşı münasibətində son vaxtlar soyuqluq yaranmasının səbəblərindən biri budur. Kreml Bəşər Əsədin gələcək taleyi ilə bağlı ciddi narahatdır. ABŞ-ın Suriyaya məlum hava zərbəsindən sonra Putinin xarizması cızılıb və Əsədin getməsi məsələsində ABŞ-la Türkiyənin mövqeləri üst-üstə düşür. Rusiyanı qəzəbləndirən budur. Kreml üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır. Kremllə Ərdoğanın münasibətlərində əsas operativ-taktiki məsələlərdən biri Əsədin gələcək taleyi məsələsidir.

İkinci məsələ kürd məsələsidir. Həm ABŞ və müttəfiqləri üçün, həm də Rusiya üçün bu məsələ strateji əhəmiyyət daşıyır. Onlar kürd kartından istifadə edirlər. Hələlik kürd kartı əsasən ABŞ-ın əlindədir. Amma ABŞ azacıq geri duran kimi o yeri dərhal Rusiya doldurmağa çalışır. Rusiya eyni zamanda bu məsələdə aktiv gözləmə mövqeyindədir. ABŞ Türkiyə ilə anlaşıb azacıq geri duracaqsa, bu boşluğu Rusiya aqressiv şəkildə doldurmağa çalışacaq. Ankara ilə Moskva arasında münasibətlərə təsir edən ikinci operativ taktiki faktor kürd məsələsi, xüsusən PKK və PYD məsələsidir".

Həmsöhbətimizin fikrincə, Rusiya ilə Türkiyənin münasibətlərinə soyuqluq gətirən üçüncü faktor Qara dəniz hövzəsində gedən proseslərdir: "ABŞ NATO-nun Qara dənizdə hərbi varlığının və aktivliyinin artmasında israr edir və bu istiqamətdə ciddi addımlar atılıb. Türkiyə də NATO dövləti kimi bu prosesdə aktiv iştirak edir. Qara dəniz hövzəsinin strateji inkişafı məsələsində Türkiyənin mövqeyi Türkiyə üçün çox önəmlidir. Türkiyənin hansı mövqe tutması regional güc balansında əhəmiyyətli rol oynayır. Ona görə də Putin Ərdoğan hakimiyyətinə təzyiq eləmək istəyir. Son günlər Türkiyəyə və şəxsən Ərdoğana qarşı təbliğat qeyd etdiyimiz bu üç məsələ ilə əlaqədardır”.

Etibar SEYİDAĞA

Oxşar xəbərlər