"Avropa İttifaqı ilə danışıqlar davam edir"

  • 26 apr 2017, 20:03

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edib.

Azərbaycan XİN-dən Demokratik.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb. Xüsusilə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini xatırladaraq, səfər əsnasında keçirilmiş görüşlərin və səsləndirilən bəyanatların Azərbaycan-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaratdığını deyib.

L.Devin Bakıda saziş layihəsi üzrə aparılan danışıqların məhsuldar keçməsindən məmnunluğunu ifadə edib. Danışıqların tezliklə yekunlaşdırılm
ası üçün görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib. O həmçinin Avropa İttifaqı və Azərbaycan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.
 
Demokratik.Az
Oxşar xəbərlər