Yayım Şurasının yeni sədri kimdir?

  • 18 apr 2017, 17:37

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni sədr seçilib. Novator.az-ın məlumatına görə, şuranın 18 aprel iclasında bu postu Muxtar İmanov tutub.

2005-ci ildən, İctimai Teleradio yaradılandan şuraya Cahangir Məmmədli rəhbərlik edirdi.

18 aprel iclası Milli Televiziya və Radio Şurasının ofisində keçirilib.

İmanov Muxtar Kazım oğlu 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib.

1984-cü ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb, "Yazıçı” nəşriyyatının baş redaktoru olub. Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktorudur. AMEA-nın müxbir üzvüdür.

9 üzvü olan Yayım Şurası proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirir. Şuranın İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu seçmək, baş direktorun təqdimatı ilə onun müavinlərini vəzifəyə təyin və ya vəzifədən azad etmək, vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul etmək səlahiyyətləri var.

Yayım Şurasının üzvləri bu qurumların irəli sürdüyü namizədlər arasından seçilir: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası; Milli Elmlər Akademiyası; Mətbuat Şurası; Sahibkarlar Şurası; gənclər təşkilatları; qadın cəmiyyətləri; idman federasiyaları; dini konfessiyalar; yaradıcılıq təşkilatları. Namizədlər Milli Məclisdə təsdiqlənir.

 

Demokratik.Az

Oxşar xəbərlər