Prezidentin tikintisini dayandırdığı şirkət Samir Şərifovun imiş ?
Xəbər verdiyimiz kimi, iki gün əvvəl prezident İlham
Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular
evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb.
BiG.AZ-ın məlumatına görə, buna səbəb həmin ərazidə tikinti aparan şirkət tərəfindən
ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və yaşıllığın tamamilə məhv edilməsidir.
Nəticədə yaşıllığı məhv edən şirkət 130 min manat məbləğində cərimələnib.
Prezidentin sərt reaksiyasından sonra "Böyük plaza” adlanan yaşayış və ticarət
mərkəzinin tikintisinin aparılmasına qadağa qoyulub.
Maraqlıdır ki, yayılan xəbərlərdə tikinti şirkətinin qaydaları pozduğu
bildirilsə də, ancaq ictimaiyyətə hansı icraçı qurumdan söhbət getdiyi məlum
deyildi. Layihənin də adından göründüyü kimi, bu, sıradan bir tikinti şirkətinin
həyata keçirəcəyi proyekt deyil. Xüsusilə, mətbuatın yazdığına əsasən, həmin
plaza deputatlar üçün inşa edilirmiş. Bu faktlara söykənərək layihəni kifayət qədər
maliyyə tutumlu hesab etmək olar.
"Qafqazinfo” məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki,
tikintini həyata keçirəcək şirkət "A-3” Sənaye Tikinti Korporasiyası MMC-dir.
Bu MMC haqqında internetdə heç bir informasiyaya rast gəlinməsə də, onun
arxasında böyük bir oliqarx məmur dayanır. Əldə etdiyimiz məlumata görə,
sözügedən MMC Maliyyə naziri Samir Şərifovun birbaşa şəxsi şirkətidir.
Sənədlərdə şirkətin direktoru Dilşad İsmayılova göstərilsə də, bütün fəaliyyəti
nazirə məxsusdur. Bu məqamda maraqlı bir məsələ ortaya çıxır ki, "A-3”ün
arxasında S.Şərifov dayanmasına baxmayaraq bu, onun şirkətinin cəzalandırılmasına
mane ola bilməyib. Belə ki, dövlət başçısının sərt mövqeyi ən yüksək oliqarx məmura
təsir edib.
Bu arada qeyd edək ki, S.Şərifovun fəaliyyəti ilə bağlı ilginc informasiyalar
da redaksiyamıza daxil olub. Məlumatlara görə, nazirin fəaliyyəti Beynəlxalq
Bank və "Azər-Türk Bank” olayından sonra heç də ürəkaçan deyil və o, nəzarət
altına götürülüb. Məlum olduğu kimi, Beynəlxalq Bank olayında Azərbaycan dövləti
maliyyə xəyanəti ilə üzləşmişdi. Nəticədə Cahangir Hacıyev vəzifəsindən azad
olunmuşdu və bir müddətdən sonra da həbs edilmişdi. Ondan sonra Samir Şərifov
fürsət taparaq öz kadrı olan Elmar Məmmədovu bankın rəhbərliyinə gətirsə də, o,
Cahangir Hacıyevdən daha betər üsullara əl ataraq "qara bazar”ın yaranmasına və
dolların süni bahalaşmasına səbəb olmuşdu. Nəticədə E. Məmmədov da bank
sistemindən qovuldu.
Bu cür maliyyə maxinasiyalarının arxasında Maliyyə nazirinin olması üzə çıxıb.
Bundan dərhal sonra, təxminən 2 ay əvvələ qədər, Maliyyə Nazirliyində bir neçə
ay davam edən yoxlamalar həyata keçirilib və böyük məbləğlərdə pozuntular
aşkarlanıb. Və beləliklə, bu hadisələr nazirin özünün fəaliyyətinin nəzarətə
götürülməsi ilə nəticələnib. Məlumatlar aktlaşdırılaraq ölkə rəhbərliyinə məruzə
edilib. Məhz bundan sonra S. Şərifovun böyük bir ehtimalla Ziya Məmmədovun
taleyini yaşayacağı, yəni zaman-zaman məhvə gedəcəyi gözlənilir.
Sonda onu da xatırladaq ki, Azərbaycanda yüksək strateji postlar həvalə olunmuş
məmurların xəyanəti, ölkənin imicinə xələl gətirən və kütləvi pozuntularla
müşayiət olunan və maliyyə riskləri yaradan fəaliyyətlər bağışlanılmır. Bu cür
məmurlar zaman- zaman sərt şəkildə cəzalandırılır.