“Şirkətlərin saytları qeyri-işləkdir”
"Şirkətlər var ki, 3 ildir saytını yeniləmir”
Yevlaxda keçirilən "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub. "APA-Economics” xəbər verir ki, iş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.
"Azərbaycanda iri şüşə məmulatların
istehsalçısı fəaliyyət göstərir. Onlardan biri də "İnterGalss” şirkətidir. Amma
həmin şirkətin istehsal etdiyi məhsullar idxal olunan məhsuldan bahadır. Bundan
başqa, əsas problemlərdən biri də odur ki, "İnterGlass” və bu kimi şirkətlərin
istehsal gücü aşağıdır”, - deyə sahibkarlardan biri qeyd edib.
Sahibkara cavab olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK)
prezidenti Məmməd Musayev bildirib ki, "İnterGlass” artıq ikinci istehsal xəttinin
qurulmasına başlayıb. "Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların
quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır.
Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına
start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata
görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, yaşıl şüşə
istehsalı üçün lazım olan qum Azərbaycanda var, ağ şüşə istehsalı üçün lazım
olan qum ölkəmizdə yoxdur. Böyük ehtimalla, həmin qum Rusiyadan idxal olunacaq.
Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca bir proqram hazırlamışıq. Bir
məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün "İnterGlass”ın həyətində olan hazır
şüşə materialları 3 aydır satılmır. Mən istərdim ki, bu məsələ sahibkarlarla
müzakirə olunsun. Məhsulun satışında problem var”, - deyə ASK prezidenti qeyd
edib.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə ASK prezidentinə
müraciət edərək bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında
problemlər var: "Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə
bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal
etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Mən tez-tez şirkətlərin
saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə
yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu
başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri
yoxdur. Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil
olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını
qazanmalıdır. Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür
qurulur”.
ASK prezidenti N. Əmirovun iradı ilə razılaşıb: "Məsələ çox düzgün qaldırılıb. Kommunikasiyada
ciddi boşluqlar var. Bu problem aradan qaldırmağa çalışacağıq”.