İmişlidə Bayraq meydanı, pivəxana – Vilyam Hacıyevin həqiqətləri

  • 06 apr 2017, 20:41
Tutaq ki, X kənd orta məktəbinin ibtidai sinif müəllimlərindən biri şagirdlərinə bayraqla bağlı dərsini məhz bu məkanda keçmək istəyir. O zaman müəlliminin müqəddəs dediyi bayrağın kölgəsində pivə içərək xumarlanan "əmiləri” görən şagirdin ilk təəssüratının nə olacağını düşünmüsünüzmü cənab Hacıyev?
İmişliyə hər səfərimiz zamanı şahidi olduğumuz mənzərə sözün əsl mənasında təəccübümüzə səbəb olur. Məsələnin ən qəribə tərəfi isə rayon icra hakimiyyətinin rəsmi icazəsi ilə ərsəyə gələn "işlərdir”. Nədən son sözü fərqləndirərək yazdıq? Bir müddət öncə təmiz suyun axması məqsədilə inşa edilmiş, istismarına, saxlanılmasına, təmirinə böyük məbləğdə dövlət vəsaiti ayrılan, rayon mərkəzindən keçən MTS adlı kanalın üzərində bir – birinin ardınca tikilən müxtəlif təyinatlı kommersiya obyektlərinin tikintisinə və fəaliyyət göstərməsinə icazə verilən əməl məhz "fərqləndirilməlidir”. Həmin obyektlərin inşasından sonra kanaldan normal qaydada su axdığını belə unudublar rayon sakinləri. Kanalın üzərində müxtəlif təyinatlı obyektlərin tikintisi həqiqətdir. Kimsə sosial – iqtisadi inkişafa qarşı deyil, o cümlədən də biz. Lakin nədən "sahibkarlığın inkişafı üçün atddığınız bu addımı” normal torpaq sahəsində deyil, məhz su kanalının üzərində, həm də qanunla qadağan edilmiş sahədə gerçəkləşdirirsiniz?(conflict)Bax əsl müəmma budur. Əgər İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev təyin olunduğu gündən indiyə qədər İmişlidə, məhz rayon mərkəzində inşa edilən müxtəlif təyinatlı tikililəri söylənilən iradlara cavab haqqı olaraq göstərmək istəyərsə, o halda növbəti sualımıza cavab versin: Dövlət sifarişli hər – hansı müəssisənin, mərkəzin, muzeyin, meydanın, parkın, fəxarətlə söylədiyin məscidin tikintisi siz İmişlinin icra başçısı təyin olunmasaydınız inşa edilməyəcəkdimi? Sizin əvəzinizə başqası bu təyinatı alacağı təqdirdə dövlətə və prezidentə qarşı iradəmi nümayiş etdirəcəkdi? Yox. Əgər bunun əksini söyləməyə iddialısınızsa deməli bildiyiniz bir şeylər var. Çalışırıq müstəqil jurnalist fəaliyyətimiz zamanı tərəfsiz olaq. Bir neçə ay öncə İmişliyə səfər edərkən bayraq meydanını ziyarət edən əməkdaşımız meydanın giriş qapısının önündə məqsədi sakinlərə məlum olmayan obyektin sürətli tikintisinin şahidi olmuşdu. Meydana gedən yolun daralmasına səbəb olan tikilinin son təyinatı haqqında maraqlanan əməkdaşımıza dini müqəddəslərimizdən birinin qoşa isimili adını daşıyan iş adamının həmin ərazidə pivəxana tikdirdiyi söylənilmişdi. 
Əraziyə baxış zamanı məlum oldu ki, həmin yerdə sövetlər dönəmindən qalmış, lakin istismara tam yararlı bina var. Nəzərə alsaq ki, həmin binada olduqca böyük sahəsi olan, lakin şəraitsiz çayxana da, fəaliyyət göstərir. Bundan başqa binanın önündə kiçik ölçülü parkda var. Yaradıcı insan kommersiya obyekti tikmək üçün ona müraciət edən sahibkarı icra hakimiyyətinin memarı ilə həmin əraziyə göndərərdi. Bu məsələdə iki müsbət amil, ikitərəfli qazanc var idi. Birinci sahibkar yeni binaya çəkəcəyi xərcin müəyəyn bir qismi ilə həmin baxımsız binanı və qarşısındakı parkı təmir etdirərək insanların xidmətinə verəcəkdi. Yeni tikili üçün ayırdığı yerdə qalan vəsait onun təmiz qazancı olacaqdı. Digər tərəfdən dövlət vəsaiti xərclənilmədən bərbad bir ərazi abadlaşdırılacaqdı. Bu məqsədlə ayrılan vəsait başqa abadlıq işlərinə sərf edilə bilərdi. Bax bu da həqiqətdir. Lakin yuxarıda qeyd edilən kimi həmin əraziyə bitişik yolun məhz üzərinə, bayraq meydanın giriş – çıxış qapısının düz qarşısına tikinti üçün icazə verilir. Nədən? Müəmma deyilmi? Bayraq dövlətin simvoludur. Müqəddəsdir. Bu meydan yaşından aslı olmayaraq hər kəsin ziyarət edə biləcəyi məkandır. Tutaq ki, X kənd orta məktəbinin ibtidai sinif müəllimlərindən biri şagirdlərinə bayraqla bağlı dərsini məhz bu məkanda keçmək istəyir. O zaman müəlliminin müqəddəs dediyi bayrağın kölgəsində pivə içərək xumarlanan "əmiləri” görən şagirdin ilk təəssüratının nə olacağını düşünmüsünüzmü cənab Hacıyev? Nədən bu tip iaşə obyektlərinin daha çox uşağın, gəncin getməli olduğu məkanların önündə tikintisinə icazə verilir? Bax bu da əsl müəmmadır. Hesab edək ki, həmin obyektin tikintisi zərurət idi. Ola bilməzdi ki, pivəxana əvəzinə kitab, dəftərxana ləvazimatları, dövlət rəmzlərini əks etdirən kiçik ölçülü, həddiyə xarakterli əşyalar və gül satılan dükan üçün icazə veriləydi? Axı ulu öndər Heydər Əliyevin adını daşıyan parkdakı heykəli də o istiqamətdədir. 


 

Mövzuya qayıdacağıq.
Oxşar xəbərlər