“Göstərişləri Cahangir Hacıyev verirdi”

  • 31 mart 2017, 08:47
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

"İntertekstil" şirkətində mexanik vəzifəsində çalışmış Nizami Həmidov ifadəsində bildirib ki, şirkət rəhbərliyinin göstərişi ilə öz adına 200 min manat kredit götürüb. N. Həmidov götürülən krediti onun adına başqa adamın aldığını deyib.

"Beynəlxalq Bank”ın İdarə Heyətinin üzvü vəzifəsində çalışmış Akif Əliyev şahid ifadəsində bildirib ki, bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışarkən bank rəhbərliyi Dünyamin Xəlilova ayrılan kreditlərə razılıq verməsinə göstəriş verib. O vurğulayıb ki, bu göstərişi birbaşa Cahangir Hacıyev verib. "Onunla razılaşdırıldıqdan sonra Dünyamin Xəlilova kredit verlib" - deyə şahid bildirib. 

"Beynəlxalq Bank”ın İdarə Heyəti sədrinin müşaviri Emin Mustafayev şahid qismində ifadəsində bildirib ki, Cahangir Hacıyevin göstərişi ilə kreditlərin ayrılması ilə bağlı sənədlərə imza atıb. Onun sözlərinə görə, kreditlər fiziki şəxslərin adına rəsmiləşdirilsə də, özlərinə verilməyib. "Bu, qanun pozuntusu idi. Amma biz Cahangir Hacıyevin göstərişini icra etməli idik. Cahangir Hacıyevin göstərişi ilə şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi". 

Daha sonra C. Hacıyevlə birlikdə həbs edilən, lakin sonradan şərti cəza ilə azadlığa buraxılan "Beynəlxalq Bank”ın Mərkəzi Filialının sabiq müdiri İlqar Abdullayev ifadə verib. Onun sözlərinə görə, "İntertekstil" şirkətinin işçilərinə kreditin verilməsi haqqında Emin Mustafayev göstəriş verib: "Bir neçə nəfərə 200 min manatlıq kredit verilib. Bu kreditlər bağlanmamış borcların ödənilməsinə yönəlib". 

Şahid qismində ifadə verən Anar Sultanov isə bildirib ki, "Beynəlxalq Bank”da filial müdiri olaraq 5 min manata qədər kredit ayrılmasına qərar vermək səlahiyyəti olub. O qeyd edib ki, bundan yüksək məbləğdə kreditlərin ayrılması Kredit Komitəsinin qərarı ilə reallaşıb.  
Məhkəmə prosesi aprelin 6-da davam etdiriləcək. 

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib.

Dünyamin Xəlilov və digər təqsirləndirilənlərə CM-nin 179 (mənimsəmə), 213 (vergidən yayınma) 308 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 309-cu (vəzifə səlahiyyətini aşma) maddələri ilə ittihamlar verilib.

İttihama görə, Dünyamin Xəlilov "Beynəlxalq Bank"ın keçmiş rəhbəri Cahangir Hacıyev vasitəsilə "Aqora" MMC-nin adına 1 milyon manat məbləğində kredit götürüb. Həmin vəsait şirkətin Norveç filialındakı hesabına köçürülüb. Bundan başqa, şirkətin rəhbəri Fərhad Əmiraslanovun adına "mal mübadiləsi aparılması" adı ilə 3,3 milyon dollar kredit verilib, o məbləğ də İsveçrədəki hesaba köçürülüb.

Keçmiş deputat və işçiləri bu cür yollarla bankın təxminən 50 milyon vəsaitini mənimsəməkdə suçlanır.

Yada salaq ki, D.Xəlilovun adı Beynəlxalq Bankın keçmiş rəhbəri, 2016-cı ilin oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və s. cinayətlərdə təqsirli bilinətək 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin məhkəməsində də tez-tez hallanırdı.
 
Demokratik.Az
Oxşar xəbərlər