Azərbaycanlıların soyqırımı - bir əsrdə yaşanan 4 faciə

  • 31 mart 2017, 08:21

Bakıda soyqırım abidəsinin qoyulması məsələsi gündəmə gələ bilər

Bu gün 31 mart - azərbaycanlıların soyqırımı günüdür. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında "qan çanağı”na çevirdilər. Ermənilərin "Böyük Ermənistan” xülyası ilə atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı.


1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra "Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladı. Eyni zamanda V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən Stepan Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə (31 mart hadisələrin ən qanlı pik nöqtəsi idi) İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdu.

1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini dənizdən - gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdü.


Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilib. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır.


Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Ermənilər 1918-ci ilin martında Bakıda 12 min azərbaycanlı ilə yanaşı, Qubada 3 min nəfərə qədər yəhudini də qətlə yetiriblər.


Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilib. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb.


Azərbaycanlıların erməni-bolşevik terrorçuları tərəfindən tamamilə məhv edilməsinin qarşısı Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəldikdən sonra alınıb.


1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra bu hadisələrlə bağlı Fövqəladə Təhqiqat Komissiyası yaradılıb və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanıb. Hökumətin qərarı ilə hər il mart ayının 31-nin Ümummilli Matəm Günü kimi qeyd edilməsi qərara alınıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan verməyib. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına görə isə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Hər il bu tarix ölkəmizdə və dünyada azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldığı gün kimi xüsusi tədbirlərlə qeyd edilir.


Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, deputat Elman Nəsirov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ermənilərin indiyə qədər azərbaycanlılara qarşı törətdiyi soyqırım faktlarını ümumiləşdirib bir ad altında təbliğat işinin aparılması, dünyada hüquqi, siyasi qiymətinin verilməsinə nail olmaq istiqamətində işlər görməyin daha səmərəli olacağı yanaşmaları olub və indidə də var. Amma bunun əksi olan-yəni ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktlarının hərəsinin ayrı-ayrılıqda dünyada tanıdılması, hüquqi siyasi qiymətinin verilməsi fikri daha çoxluq təşkil edib: "Xocalı soyqırımı dünyanın gözü qarşısında, müasir tariximizdə-cəmi 25 il əvvəl baş verib. Bu nöqteyi-nəzərdən Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində addımların daha böyük effekt verməsi anlaşılandır. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım və deportasiya faktlarının özü Xocalı faciəsinə gətirən yol idi. Bu hadisələr bir zəncirin həlqələridir. Ona görə də biz bu məsələlərə sistemli yanaşırıq. Ulu öndər Heydər Əliyev 1998-ci ildə 31 mart-azərbaycanlıların soyqırımı günü haqqında fərman verdi və bu, soyqırım həqiqətlərinin dünyaya çatdırılması üçün vacib bir addım idi. Soyqırım hadisələrinin kompleks və paralel şəkildə təbliği, dünyaya çatdırılması çox vacibdir. Bu gün artıq 14 dövlətin parlamenti Xocalı soyqırımını tanıyıb. Amerikanın 21 ştatı Xocalı soyqırımını tanıyıb. Biz bu prosesləri deyəndə təkcə Xocalıdan danışmırıq, Xocalı soyqırımının ermənilərin 200 il ərzində həyata keçirdiyi soyqırım siyasətinin bir həlqəsi olduğunu, bu həlqələrdən ən genişmiqyaslısının məhz 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirilən soyqırım olduğunu qeyd edirik. Məsələyə bu cür yanaşmaq düzgündür”.


Azərbaycanlıların soyqırımı abidəsinin ucaldılması məsələsinə gəldikdə, deputat bildirdi ki, Xocalı soyqırımı ilə bağlı abidə var. Eyni zamanda belə planlar da var ki, azərbaycanlıların soyqırımı ilə bağlı daha böyük bir kompleks tikilsin: "Azərbaycanlılara qarşı zaman-zaman ermənilərin törətdiyi soyqırım faktlarının bir böyük abidədə ifadə edilməsi mümkündür. Həmin abidəyə elə dizayn vermək olar ki, 1905-1907, 1918-1920, 1948-1953 hadisələri, 1988-ci ildən başlayan hadisələr məntiqi ardıcıllıqla həmin dizaynda əksini tapa bilər və onun pik nöqtəsi kimi Xocalı soyqırımı göstərilə bilər. Buna etmək mümkündür və ən uyğun gələn yeri də Şəhidlər Xiyabanı yerləşən ərazidə müəyyənləşdirmək olar. Abidəni ucaldıb həmin ərazini diplomatik protokola da salmaq yaxşı olardı ki, xarici qonaqlar gələrkən protokol qaydasında həmin abidə ziyarət edilsin. Bunun böyük bir siyasi əhəmiyyəti ola bilər”.

 

 

 


Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev isə bildirdi ki, 31 martı azərbaycanlıların soyqırımı kimi geniş miqyasda tanıda bilməməyimizin səbəblərindən biri ölkədə insanların öz övladları ilə həmin günü gedib ziyarət edəcəyi bir abidənin olmamasıdır: "Yalnız Şəhidlər Xiyabanında türk şəhidliyinə getməklə biz həmin günü qeyd edirik. Amma soyqırıma məruz qalmış on minlərlə soydaşımızın xatirəsini yad etmək, gələcək nəsillərin yaddaşında bu faciəni yaşatmaq üçün gedəcək bir yerimiz yoxdur. Dünyada tanıda bilməməyimizə gəlincə isə bu işi aparan əsas qüvvə Diaspora Komitəsi və diplomatlarımız olmalıdır.


Xalqımızın başına gələn bütün faciələrlə bağlı anım günlərinin olması , dərsliklərdə bu barədə geniş məlumatların yazılması və onların beynəlxalq aləmə çatdırılması son dərəcə vacib məsələdir".


Etibar SEYİDAĞA

Oxşar xəbərlər