Xalq artistinin iki ailə üzvünü "öldürən" məmur oğlu əfvə necə düşüb?

  • 18 mart 2017, 10:13

Bəs Xalid Mədətov əfvə təqdim edilərkən xalq artisti Ağasəlim Abdullayevin zərərçəkən olaraq münasibətini, fikrini niyə öyrənən olmayıb?
Xalid Mədətovun həbsinə səbəb olan ürəkparçalayan hadisə 2014-cü il martın 15-də baş vermişdi. Kef məclisindən çıxan Xalid Mədətov içkili vəziyyətdə bahalı "Mercedes-Benz G-55"in sükanı arxasında keçmiş, yüksək sürətlə xalq artistinin ailəsi olan ”VAZ-2106" markalı maşına çırpılmışdı. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olmuşdu. Xalq artisti özü isə yaralanmışdı. Geniş ictimai rezonans doğuran hadisədən sonra "Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mübariz Mədətov işdən qovulmuşdu. Xalid Mədətov barəsində isə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqa cəlb olunub. X.Mədətov məhkəməsində A.Abdullayevi borclu da çıxarmışdı: "O, təhlükəsizlik kəmərini bağlamamışdı”.
Mübariz Mədətov məhkəmə prosesi zamanı oğlunun həbsdən qurtarılması üçün saysız-hesabsız cəhdlər etsə də, xalq artistinin bu faciəyə görə bağışlmaqdan qəti imtinası nəticəsində Xalid Mədətova 12 il hökm oxundu. Üstündən 3 il keçəndən sonra isə əfv olundu. Halbuki əfv cəzasının yalnız üçdə ikisini çəkən məhkumlara şamil olunmalıdır.
Xalid Mədətov isə azadlıqdadır. Bu faktdır və yeni cinayətlərin törədiləməsinə verilən vəsiqədir. Onun azadlığa çıxması üçün Əfv Komissiyasında qanunları ayaqlar altına kimlər qoyub bu başqa söhbətin mövzusudur, indi əsas məsələ odur ki, adam yenidən kef məclislərinə qatılıb bahalı maşınının sükanı arxasına keçəcək. Allah hamımızı, Əfv Komissiyasında Xalid Mədətovun azadlığa çıxması üçün çalışanlar da daxil olmaqla onun kimilərdən qorusun.

E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər