Həbsdəki müstəntiqin anası aclıq aksiyası keçirir

  • 13 mart 2017, 09:02

Tahirə Səfərova: "Axı onun günahı nədir?”


Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun həyat yoldaşı, keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova aclıq aksiyasına başlayıb. Bu barədə Səfərovun ailəsi adından məlumat yayılıb.

Contact.az-ın yaydığı məlumatda deyilir ki, Rüfət Səfərov martın 10-da 9 saylı cəzaçəkmə müəssisəsində ailəsi ilə görüşüb. Görüşdən sonra məhbusun anası oğlunun durumu ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib. Müraciətdə ana övladının son durumundan narahatlığını dilə gətirib: "Böyük əziyyətlə böyüdüb boya-başa çatdırdığım oğlum Rüfətlə cəzaçəkmə müəssisəsində görüşdüm. Rüfətin hansı vəziyyətdə olduğunu sözlə ifadə edə bilmirəm. Ürəyimin başına köz düşdü. Onun üzünə baxa bilmirdim, rəngi qapqara qaralmışdı. Qaranlıq ”kars" onu elə üzmüşdü ki, danışmağa sanki heyi yox idi. Dedi ki, ona 3 gün çox işgəncələr veriblər. Rüfətə 3 gün ərzində sudan başqa heç nə verməyiblər. Səhər, günorta, axşam bir stəkan suyun ümidinə qalıb. Döşəmə beton, "kars” soyuq... Yanır ana ürəyim. Səhər saat 09-00-da yatacağını götürüb, bir də 18-00-da veriblər.

Bu müddət ərzində Rüfət beton döşəmədə ayaq üstə titrəyə-titrəyə qalıb. Elə yemək gətirib veriblər ki, onu heyvana da verməzlər. Oğlum bu yeməkdən imtina edib 4 gün ac qalıb. "Kars”a salınmamışdan əvvəl həbsxanada yazdığı gündəliyi də əlindən alınıb. Mən insana belə amansız münasibətin olduğunu təsəvvürümə gətirə bilmirəm. Qisasçılıq və intiqam bunların gözünü elə pərdələyib ki, ən iyrənc qeyri-insani niyyətlərindən əl çəkməyi yaxına belə buraxmırlar. Amma yuxarıda Allah var, bunların hamısını görür. Axı onun günahı nədir?

Azad sözünü deyib, haqsızlığa-ədalətsizliyə qarşı öz üsyan səsini qaldırıb. Başqa heç nə etməyib. Oğlumu işgəncə altında saxlayıb onu sarsıtmaq istəyirlər. Gözlərimin yaşını zorla saxlaya bilirdim, göz yaşlarım axar çaylar kimi içimə axırdı. Oğul dərdi çəkən bir ana kimi ürəyim alovlanır, damarlarımda qanım donur. Lakin ağır səhnəni müşahidə etdikcə, Rüfətin solmuş çöhrəsinə baxdıqca ruhumda bir heyranlıq da baş qaldırırdı. Rüfət məni iki əlləri ilə qucaqlayıb "qəm-qüssə yemə ana” deyə, gözlərimin içinə baxdı və bu sözləri söylədi: "Möhkəm olun. Allahın köməkliyi ilə iradəm var və seçdiyim haqq yolundan bir addım belə geri durmayacağam. Bunlar məni düşüncələrimdən döndərə bilməzlər. Əqidəm uğrunda sonuna qədər yürüməyə qərarlıyam”.


Qeyd edək ki, R.Səfərov ötən il Baş Prokurorluğun təqdimatı əsasında həbs edilib. O, "Prokurorluq haqqında” qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.


Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəz edilib və o azadlığa buraxılıb. Lakin ötən ilin sentyabrında Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 9 il müddətində azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər