Azəri və Türk şirkəti arasında 6 milyonluq qalmaqal
Svit Haus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialını məhkəməyə verib.
Bu barədə "Report" xəbər yayıb.
2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC, imzalanmış mənzil
tikintisinə və satışına dair müqavilələr üzrə vətəndaşlar tərəfindən əvvəlcədən
ödənilmiş pul vəsaitləri və şirkətin maddi vəsaiti hesabına parking yeri və
4-cü mərtəbəyə qədər qaldırılmış binanın xəbərdarlıq edilmədən sökülməsi, eləcə
də, söküntü işləri başlamamışdan əvvəl binada saxlanılmış tikinti
materiallarının məhv edilməsi nəticəsində, ümumilikdə 6 milyon manata yaxın pul
vəsaiti vurulmuş maddi ziyanın əvəzi olaraq Türkiyə şirkətindən tutulub
"Svit Haus"a ödənilməsinə dair iddia irəli sürüb.
Hazırda iş məhkəmə icraatındadır və hakim İntizar Bayramovanın sədrliyi ilə
baxılır.
Tikinti şirkəti iddia ərizəsini onunla əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov
rayonu, Gülarə Qədirbəyova küçəsi, 5 saylı ünvanda, "Heydər Əliyev Mərkəzi”nin
ön hissəsində yerləşən ərazidə inşası planlaşdırılan çoxmərtəbəli yaşayış
binasında yeni mənzil almaq arzusunda olan yüzdən artıq vətəndaşla "Svit
Haus" tikinti şirkəti arasında əvvəlcədən cəmiyyətin hesabına müxtəlif
məbləğlərdə pul vəsaitləri ödənilərək müqavilələr imzalanıb. Həmin müqavilələr
üzrə vətəndaşlar tərəfindən ödənilmiş pul vəsaitləri və şirkətin maddi
imkanları hesabına 2012-ci ildə qeyd olunan ərazidə Bakı Şəhər İcra Hakimiyyəti
ilə razılaşdırılmış tikinti-layihə sənədləri əsasında çoxmərtəbəli yaşayış
binasının inşasına başlanılıb və qısa müddət ərzində binanın parking yeri və
4-cü mərtəbəyə qədər qaldırılıb.(report)Tikinti işlərinin surətlə getdiyi
müddətdə, nazirliklərdən birinin və Nərimanov Rayon İcra Hakimiyyətinin
vəzifəli şəxsləri şirkətin həmin ərazidə yerləşən ofisinə gələrək, tikilməkdə
olan yaşayış binasının gələcəkdə "Heydər Əliyev Mərkəzi”nin və "Konqres Holl”un
ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədi ilə yeni layihənin təklif
ediləcəyi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul
edilənə qədər işlərin müvəqqəti dayandırılmasını tələb edib, ərazi müvafiq
dövlət qurumu tərəfindən mühafizəyə götürülüb və işlərin davam etdirilməsinə
icazə verilməyib. Dövlət orqanları tərəfindən həmin problemin həlli ilə bağlı
yekun qərarın qəbul edilməsi 3 il müddət çəkib. "Svit Haus" MMC-nin
rəhbərliyinin etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi müraciətlərə cavab
verilməyib, məsələnin müzakirə edilməsindən daima yayınılıb. Lakin, parking
yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış tikili 2016-cı ilin avqust ayının
20-dən etibarən 2-3 gün ərzində sonradan müəyyənləşdirilmiş, həmin ərazidə park
salma və abadlaşdırma işləri həvalə edilmiş "İlk İnşaat Taahhüt Sanayi ve Ticaret
Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəmə
qərarı olmadan, qanunsuz olaraq tamamilə sökülüb, tikinti materialları məhv
edilib, torpağın altına basdırılıb.
Vətəndaşlar tərəfindən ödənilmiş və şirkətin xərclədiyi pul vəsaitlərinin
qaytarılması ilə bağlı göstəriş verilsə də, bununla bağlı heç bir narahatlığa
əsas olmadığı bildirilsə də sonradan kompensasiya məbləğinin verilməsindən qəti
şəkildə imtina edilib.
Demokratik.Az