İrəvan Moskvadan üz döndərir

  • 11 mart 2017, 09:50

Rusiyanın Dağlıq Qarabağla bağlı hazırkı mövqeyi anlaşılan deyil.

Bu sözləri Rusiyanın yenidən sülhməramlılar məsələsini gündəmə gətirməsi ilə bağlı Axar.az-a danışan politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Rusiya tərəfindən sülhməramlıların bölgəyə yerləşdirilməsi məsələsinin irəli sürülməsi birinci dəfə deyil:

"Lavrov planı çərçivəsində belə bir təşəbbüsün Moskva tərəfindən irəli sürülməsi indiki məqamda Bakını heç cür qane edə bilməz. Çünki Dağlıq Qarabağ münaqişəsi sülhməramlıların bölgəyə yerləşdirilməsi ilə həll olunmur. Əvvəlcə torpaqlarımız azad olunmalı, qaçqınlar geri qayıtmalı, ən sonda isə status məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Politoloq bu fonda Sərkisyanın Qərb ölkələrinə səfərlərinə də diqqət çəkib:

"İrəvan hiss edir ki, Rusiya son zamanlar Ermənistanı birmənalı şəkildə dəstəkləmir, sadəcə danışıqlara çağırır. İrəvana görə Rusiya ən azı onların tərəfində vuruşmalıdır. Ancaq Moskva bunu etmir. Ermənistan hərbi müttəfiqinin bu davranışlarına tab gətirə bilmir və ona görə də Qərbə üz tutmaq məcburiyyətində qalıb. Əslində isə Ermənistanın Rusiya çərçivəsindən çıxması mümkün deyil. Moskva heç vaxt Ermənistanın hanısa Qərb ittifaqına və ya alyansına daxil olmasına imkan verməyəcək. Rusiyanın Ermənistan üzərindəki təsiri elə dəyişməz olaraq da qalacaq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir müddət öncə tərəflərin Qarabağ nizamlanmasının mühüm aspektləri üzrə razılaşa bilmədiklərini, ancaq müəyyən müddəalar üzrə "razılaşmalar”ın mövcud olduğunu dilə gətirib:

"Yekun paket üçün mühüm olan iki-üç konkret mövzu hələlik müzakirə olunmur. Amma biz münaqişənin nizamlanacağına ümid edirik. Ətraf rayonların qaytarılması və orada yaşayan insanlar nəzərə alınmaqla Dağlıq Qarabağın statusunun müəyyən edilməsi mühüm məqamlardır, eyni zamanda, beynəlxalq sülhməramlı qüvvələr mövzusu da müzakirə olunmalıdır”.

 

Demokratik.Az

Oxşar xəbərlər