Ermənistan sanksiyalarla üzləşə bilər

  • 10 mart 2017, 08:50

Elman Nəsirov: "Cəzalanmayan işğalçı daha ağır cinayətlərə əl ata bilər”

Azərbaycanın ərazilərini işğal etdiyinə və Xocalı soyqırımına görə Ermənistanın sanksiyalarla cəzalandırılmaması hər zaman müzakirə mövzusudur. Bunun üçün ölkəmizin təcavüzkar dövləti beynəlxalq tribunala verməsinin vacibliyi vurğulanır. Son illərdə bu istiqamətdə Azərbaycanın hərəkətə keçdiyi də müşahidə olunur.

Beynəlxalq qurumlardan düşmən ölkəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı tələb-çağırışlar intensiv olaraq səsləndirilir. 
Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Pakistanın paytaxtı İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı bu məsələyə toxunub.

Sitat: "BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılıb. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.


Ekspertlər də zaman-zaman bu məsələni gündəmə gətirərək, Ermənistanı cəzalandırmaq üçün Azərbaycanın şanslarından söz açırlar.


Deputat, professor Elman Nəsirov bildirdi ki, ermənilərə qarşı bu günə qədər sanksiyaların tətbiq edilməməsi beynəlxalq hüququn işləmədiyini göstərir: "Eynşteyinin məşhur bir fikri var. O, hələ ötən əsrin 50-ci illərində demişdi ki, beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyyatında mövcuddur, külliyyatdan kənarda beynəlxalq hüquq yoxdur. Onun o zamanlar dediyi fikirlər bu günlər yenidən aktuallaşıb. Hətta həmin dövrdən də daha çox aktualdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Avropa Parlamenti 2010-cu ildə Ermənistanı təcavüzkar elan edib. AŞ PA da eyni addımı atıb. İslam Əməkdaşlıq Təşkilatının da bu addımını deyə bilərik. Qoşulmama Hərəkatının və NATO-nun sənədlərində Ermənistanla bağlı müvafiq sənədlər var. BMT nizamnaməsinin 7-ci fəslində belə olan halda sanksiyalar nəzərdə tutulub. İqtisadi, maliyyə sanksiyaları, hətta hərbi güc belə nəzərdə tutulub. Təsəvvür edin ki, beynəlxalq qurumun bir yerdə münaqişə ilə bağlı başqa mövqeyininə digər yerdə isə tam başqa mövqeyinə rast gəlirik. Azərbaycan prezidenti bu məsələni dəfələrlə ən yüksək kürsülərdə dilə gətirib. Son çıxışlarının birində bildirib ki, Ermənistan heç vaxt özbaşına belə addımlar ata bilməzdi. Hətta onu da demişdi ki, bir dövlət ona pul, bir dövlət silah verir, başqa birisi təbliğini aparır. Bütün bunlar təbii ki, Ermənistanda arxayınçılıq yaradır. Bununla Ermənistanın beynəlxalq hüququ ayaqlar altına atdığının şahidi oluruq. Bu da çox acınacaqlı biz vəziyyətdir. Bu reallığa görə Azərbaycan tərəfi hər zaman ermənilərə qarşı sanksiyalar məsələsini gündəmdə saxlayır, beynəlxalq aləmdə önə çəkir. Amma nə edək ki, bu gün ikili standartlar ucbatından bu hal reallaşmır.

Cənab prezident bir çıxışında çox mətləblərdən xəbər verən ifadələr işlətmişdi. Demişdi ki, bağlı qapılar arxasında deyirlər ki, torpaqları ermənilərə verin. Beynəlxalq qurumlar hüququn keşiyində dayanmalı, ermənilərə qanunla iqtisadi, maliyyə sanksiyaları tətbiq etməlidirlər. Amma bunu da etmirlər.

Belə olan halda nə etməli olduğumuzu cənab prezident deyib: ”Yeganə çarəmiz odur ki, biz güclənməliyik, güclənməliyik, güclənməliyik".

Bu reallığın fonunda zaman gələcək, beynəlxalq hüquq da bizi müdafiə edəcək, Azərbaycan da bu münaqişənin hərbi yolla həlli hüququnu özündə saxlayacaq. BMT-nin qətnaməsinin 51-ci maddəsində aydın şəkildə yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətin müdafiə hüququ var. Sadəcə, Azərbaycan sülhpərvər ölkə olduğundan, Ali Baş Komandan hesab edir ki, danışıqların limiti tükənməyib. Əgər bu limit tükənsə, qeyri-dinc yolla ərazilərimizi azad etmək hüququndan istifadə edəcəyik. Beynəlxalq hüquq bizə bu imkanı verir. Hesab edirəm ki, münaqişənin dinc yolla həlli imkanları getdikcə azalmağa başlayır.

ATƏT-in Minsk Qrupu, beynəlxalq aləm ermənilərə qarşı sanksiyaları işə salmasalar, işğalçıda növbəti dəfə bu inam hasil olacaq ki, deməli, onu cəzalandırmırlar. Nəticədə cəzalanmayan işğalçı daha ağır cinayətlərə əl ata bilər. Bunu beynəlxalq qurumlar artıq anlamalıdırlar. Əks təqdirdə, bütün məsuliyyət onların üzərinə düşəcək. Çünki Azərbaycan işğala məruz qalan tərəfdir. Daha gərgin hadisələrin yaşanmaması üçün qəti addımların atılmasının zamanıdır, hələ bu zamanın gecikdiyini də deyə bilərik".


Cavanşir ABBASLI

Oxşar xəbərlər