"İsrail Azərbaycanla İranın münasibətlərini korlamağa çalışır"

  • 06 mart 2017, 14:35
İsrail Azərbaycanla İranın münasibətlərini korlamağa çalışır. Bu xəbərdarlıqla İranın Ali lideri Ali Khamenei çıxış edib.

«Şər sionist rejimi İranla Azərbaycanın qardaş münasibətlərini pisləşdirməkdən ötrü bütün düşmənlərdən çox cəhd göstərir». A.Khamenei dünən – martın 5-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə belə deyib.

İranın «PressTV» kanalının yaydığı məlumata görə, A.Khamenei «düşmənin planlarına cavab olaraq», Bakıyla Tehranı dost münasibətlərini qorumağa, bu məsələdə ayıq-sayıq olmağa çağırıb.

TİCARƏTİN HƏCMİ 70% ARTIB

İ.Əliyevsə Azərbaycanla İranın münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, bu iki ölkənin tarixi, mədəni bağlılıqlarından danışıb. O, keçən il Bakıyla Tehranın əməkdaşlıq haqda 20 sənədə imza atdığını, o zamandan bəri ticarətin həcminin 70% artdığını söyləyib. Amma «PressTV»nin yaydığı xəbərə görə, İ.Əliyev Tehran görüşlərində iki ölkə arasında ticarətin hələ zəif olduğunu da vurğulayıb.

A.Khamenei İ.Əliyevlə söhbəti zamanı həm də Azərbaycanın İranın nüvə proqramıyla bağlı mövqeyini alqışlayıb, amma bu haqda detallara varmayıb.

«PressTV» İsraillə Azərbaycanın isti münasibətlərinin Tehranı narahat etdiyini, keçmişdə Azərbaycanın bu əlaqələrə görə İranın qınağıyla üzləşdiyini xatırladır.

Xatırladaq ki, İsrail Azərbaycanın müttəfiqlərindən biridir, Azərbaycan hərbi texnikanın, silah-sursatın xeyli hissəsini İsraildən alır.

Tehran İsrail dövlətini tanımır.

Martın 5-də İlham Əliyev İrana birgünlük səfər edib. O, iranlı həmkarı Hassan Rouhani ilə də görüşüb.

Azadliq.org
Oxşar xəbərlər